BAKI, 24 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp federal məhkəmələr tərəfindən çıxarılan ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə göstəriş verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı danışıb.

“Mənim göstərişimə əsasən, baş prokuror federal səviyyədə çıxarılmış ölüm hökmlərinin icrasını sürətləndirməlidir. Andlılar məhkəməsi belə qərar qəbul etdikdən sonra ölüm hökmü sürətlə və qaçılmaz şəkildə icra olunmalıdır”, – ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, Ədliyyə Nazirliyi azyaşlıları qətlə yetirməkdə və ya zorlamaqda təqsirli bilinən şəxslərə, eləcə də qurbanlarını öldürən insan alverçilərinə qarşı ölüm cəzasının tətbiqinə çalışmalıdır.

ABŞ Prezidenti Kaliforniya qubernatoru Qevin Nyusomu da sərt tənqid edib. Buna səbəb qubernatorun ştatda ölüm cəzasına məhkum edilmiş şəxslərin cəzalarının ömürlük həbslə əvəzlənməsi barədə qərarı olub. Qərarın 560-dan çox məhkuma şamil edildiyi bildirilir.

Ölüm hökmünün tətbiqinə qarşı çıxan Nyusom 2028-ci il prezident seçkilərində Demokratlar Partiyasının mümkün namizədlərindən biri kimi nəzərdən keçirilir. O, prezidentliyə namizəd olub-olmayacağına yanvarda qərar vermək niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, Tramp 2025-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başladıqdan sonra federal səviyyədə ölüm cəzasının bərpasına dair fərman imzalayıb. Bununla da federal məhkəmələrin çıxardığı ölüm hökmlərinin icrasına tətbiq edilən moratoriumun aradan qaldırılması istiqamətində addım atılıb.