BAKI, 25 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanı Ukraynadakı müharibəni başa çatdırmağa təşviq etmək məqsədilə biznes sazişlərindən istifadə ilə bağlı bütün təklifləri səssizcə təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazıb.
Nəşrin məlumatına görə, Kreml enerji və aviasiya sahələrində təklif olunan birgə layihələrə xüsusi maraq göstərməyib. Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Avropa İttifaqı rəsmilərinə bildiriblər ki, korporativ tərəfdaşlıqlar artıq ABŞ-nin Rusiyaya təkliflərinin əsas hissəsi deyil.
Hələ oktyabr ayında Kuşner də daxil olmaqla, yüksək vəzifəli Rusiya və ABŞ rəsmiləri arasında danışıqlar aparıldığı barədə məlumat yayılmışdı. Müzakirələrdə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl Almaniyaya qaz nəql edən “Şimal Axını” qaz kəmərləri layihəsinə Amerika investorunun cəlb edilməsi məsələsi də yer alırdı. Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmağa çalışan Kuşner biznes əlaqələrinin inkişafını sülhün bərpasının əsas elementlərindən biri hesab edirdi. O, müharibədən sonrakı dövr üçün digər ideyaları da müzakirə etmişdi. Bunlara Amerika şirkətlərinin Rusiyanın neft layihələrinə və titan istehsalına investisiya yatırması da daxil idi.
Rusiya əvvəlcə ABŞ-nin bu təkliflərinə müsbət yanaşsa da, sonradan bu ideyaya marağı xeyli azalıb. Nəşrin mənbələri vurğulayıblar ki, Rusiya Ukraynadan öz ərazilərindən imtina etməyi və Moskvanın irəli sürdüyü, Kiyev üçün qətiyyən qəbuledilməz olan digər güzəştlərə getməyi tələb etməkdə davam edir.
“Rusların hazırda bu cür sazişlərə qətiyyən maraqlı olmadığı kifayət qədər aydındır”, - nəşrə danışan rəsmilərdən biri bildirib.