BAKI, 25 noyabr. TELEQRAF

“Müstəqil Dövlətlər Birliyinin (MDB) ölkələri onların əməkdaşlığına mane olmağa çalışan xarici qüvvələrin cəhdlərinə qarşı fəal mübarizə aparmalı olurlar”.

Teleqraf xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev TASS agentliyinə müsahibəsində bildirib.

“MDB-nin möhkəmlənməsinə, əlaqələrin və iqtisadi əməkdaşlığın inkişafına imkan verməmək niyyətləri mövcuddur və bu planlar həyata keçirilir. Əsassız sanksiyalara qarşı çıxmaq, əməkdaşlığımıza mane olmaq cəhdlərinə müqavimət göstərmək üçün ciddi mübarizə aparmalı oluruq. Bununla belə, davam gətiririk, deməliyəm ki, vəziyyətimiz heç də pis deyil”, - o qeyd edib.

MDB-nin baş katibi vurğulayıb ki, SSRİ-nin dağılmasından sonra Qərb ölkələri arasında birliyə üzv ölkələrin yenidən birləşməsinə yol verməmək ideyası geniş yayılmışdı:

“Hesab edirdilər ki, yaranmış vəziyyətdən istifadə etmək olar. Sovet İttifaqı - öz qüdrəti və baxışları olan böyük dövlət, supergüc dağılmışdı. Təəssüf ki, tədricən Qərb siyasətçilərinin düşüncəsində müəyyən tamahkar niyyətlər əmələ gəldi. MDB-yə münasibətdə əsas məqsəd istənilən əlaqələrin bərpasına heç bir halda imkan verməməkdir. ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton da bu barədə danışmışdı. Onun Sovet İttifaqının bərpasına və MDB ölkələrinin birliyinin yenidən qurulmasına yol verilməməsi ilə bağlı açıq bəyanatlarını xatırlayıram. Qərbdə məhz bu düşüncələr üstünlük təşkil edirdi”.

Lebedevin sözlərinə görə, Qərbdə bu gün də MDB-nin güclənməsinə imkan verməmək planları mövcuddur: “Xoşbəxtlikdən, bu planları həyata keçirmək mümkün deyil”.