BAKI, 24 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ayova ştatında tonlarla zəhərli maddənin nəzarət altında partladılması əməliyyatının məhkəmə qərarınadək və yeni qubernatorun razılığı alınanadək təxirə salınması barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat yayıb.

ABŞ lideri bildirib ki, ölkənin Quru Qoşunları təhlükəli maddələrin nəzarət altında məhv edilməsinə hazırdır. O, həmin materialların düzgün saxlanılmamasına görə sabiq prezident Barak Obamanın administrasiyasını məsuliyyət daşımaqda ittiham edib.

Trampın sözlərinə görə, problemi uzun illərdir araşdıran mütəxəssislər təhlükəli maddələrin yaxın gələcəkdə öz-özünə partlama ehtimalının yüksək olduğunu düşünürlər.

“Hazırda hava şəraiti planlaşdırılan əməliyyat üçün əlverişlidir. Hesab edirəm ki, uzun illərdir davam edən bu problemi aradan qaldırmaq lazımdır. Bununla belə, Səkkizinci Dairə Apellyasiya Məhkəməsi icazə verənədək hərbçilərə əməliyyata başlamamağı tapşırmışam”, – Tramp vurğulayıb.

Prezident əlavə edib ki, əməliyyatın keçirilməsi 2027-ci il yanvarın 12-də vəzifəsinin icrasına başlayacaq Ayova ştatının yeni qubernatoru Rob Sendin razılığından da asılı olacaq.

Onun sözlərinə görə, məhkəmə və ya yeni qubernator razılıq verməsə, federal hakimiyyət partlayış planından imtina edəcək.

Tramp belə bir vəziyyətdə mümkün insan tələfatı və dağıntılara görə məsuliyyətin yeni qubernatorun üzərinə düşəcəyini bildirib.

“Associated Press” agentliyinin məlumatına görə, ABŞ ordusu noyabrın 25-də Ayova ştatının Middltaun şəhərindəki silah zavodunda bir neçə ton qurğuşun azidi maddəsini məhv etməyi planlaşdırırdı.

Əvvəlcə əməliyyatın noyabrın 20-də keçirilməsi nəzərdə tutulsa da, ekoloji fəalların şikayəti əsasında məhkəmə buna müvəqqəti qadağa qoyub.

Ekoloqlar qurğuşun azidinin partladılması nəticəsində zəhərli maddələrin ətraf mühitə yayıla biləcəyindən narahatdırlar.

ABŞ Ədliyyə Nazirliyi isə fövqəladə səlahiyyətlərə istinad edərək ordunun məhkəmə qərarına baxmayaraq əməliyyatı həyata keçirə biləcəyini bildirib. Nazirlik qarşıdakı günlərdə gözlənilən şaxtalı havanın maddənin nəzarətsiz partlaması riskini artırdığını qeyd edib.