BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycanda mərkəzləşdirilmiş antifrod platformasının 2030-cu ilədək tam işlək vəziyyətə gətirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinqi şöbəsinin müdiri Elvin Cuvarov X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.
Onun sözlərinə görə, platforma çərçivəsində dələduzluq halları ilə bağlı müəyyən müştərilərə dair birgə tədbirlərin və kalibrasiya proseslərinin də elektronlaşdırılması nəzərdə tutulur:
“Bu, məlumatların şəffaflığını və görülən tədbirlərin effektivliyini artırmağa xidmət edəcək.
Hazırda mərkəzləşdirilmiş antifrod platformasının yaradılması məqsədilə Avropa, Şərqi Avropa, Mərkəzi Asiya və digər regionların təcrübəsi araşdırılır, xarici təşkilatlarla danışıqlar və təcrübə mübadiləsi aparılır”.
E. Cuvarov Mərkəzi Bankın antifrod tədbirlərinin gücləndirilməsi məqsədilə banklara, elektron pul və ödəniş təşkilatlarına tövsiyə məktubu ünvanlandığını bildirib:
“Məktubda cihazın etibarlılığının yoxlanılması, eyni cihazdan bir neçə müştərinin istifadəsinin aşkarlanması, yeni cihazlardan girişə nəzarət, tokenləşdirmə, əməliyyatların real vaxt rejimində monitorinqi və vəsaiti qəbul edən tərəflə bağlı nəzarət mexanizmləri əksini tapıb.
Təşkilatlardan mövcud nəzarət mexanizmləri, aşkarlanan boşluqlar və onların aradan qaldırılması planları barədə məlumatlar toplanıb. Bu məlumatların ilin sonunadək və ya gələn ilin əvvəlində təhlil edilməsi, ehtiyac yaranarsa, əlavə tövsiyələrin və tədbirlərin hazırlanması nəzərdə tutulur.
Bundan başqa, Mərkəzi Bank, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, banklar və bəzi elektron pul təşkilatları arasında məlumat mübadiləsinin də avtomatlaşdırılması planlaşdırılır. Hazırda vətəndaşların DİN-in 102 xidmətinə müraciətləri barədə məlumatlar aidiyyəti qurumlara yarımanual və yarıavtomatik formada ötürülür. Məqsəd bu prosesi tam avtomatlaşdırmaq, məlumatların qruplaşdırılmasını və hesabatların çarpaz yoxlanılmasını asanlaşdırmaqdır”.