BAKI, 25 noyabr. TELEQRAF

“Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə çıxarılıb.

Teleqraf xəbər verir ki, layihədə elektron ticarət sahəsində texnoloji neytrallıq prinsipinin tətbiqi, POS-terminal anlayışının yenilənməsi və nağdsız ödəniş imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklərə əsasən, POS-terminal anlayışına müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil cihazlar da daxil edilir. Beləliklə, mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin qəbul edilməsi üçün hüquqi əsasların dəqiqləşdirilməsi təklif olunur.

Bundan başqa, elektron ticarət iştirakçılarının ödəniş üsulları, o cümlədən POS-terminal və elektron pul kisəsi vasitəsilə ödəniş imkanları barədə məlumat verməsi nəzərdə tutulur.

Layihədə müqavilələrin elektron sənəd formasında təsdiqlənməsi ilə bağlı dəyişiklik də yer alıb.

Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi nəzərdə tutulub.