BAKI, 23 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçirilən aralıq seçkilərdə demokratların qələbəsindən sonra ölkənin fond bazarında aktivlərin dəyərinin 6 trilyon dollardan çox azaldığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Demokratların noyabrın 3-də qazandığı kifayət qədər qəribə ‘qələbədən’ sonra bazar 6 trilyon dollardan çox dəyər itirib. Təkcə ‘Nasdaq’ indeksi 20 faiz geriləyib”, – ABŞ lideri qeyd edib.
Tramp fond bazarındakı itkilərə görə Demokrat Partiyasını günahlandırıb.
“Bu, 100 faiz demokratların günahıdır. Çünki onların siyasəti iqtisadi artıma qarşı yönəlib və yalnız siyasi hesablaşmalara xidmət edir. Əgər onlar tezliklə dəyişməsələr, vəziyyət daha da pisləşəcək”, – prezident vurğulayıb.
Qeyd edək ki, Tramp noyabrın 6-da da seçkilərin nəticələri səbəbindən ABŞ fond bazarının 3 trilyon dollar itirdiyini bildirmişdi.
Noyabrın 3-də keçirilən aralıq seçkilərdə amerikalılar Konqresin Nümayəndələr Palatasının 435 üzvünü, Senatın 100 üzvündən 35-ni, həmçinin 36 ştatın qubernatorunu seçiblər. Seçkilərin nəticələrinə əsasən, demokratlar Konqresin hər iki palatasında çoxluq qazanıblar.
Yeni çağırış Konqresi 2027-ci ilin yanvarında fəaliyyətə başlayacaq.
Bəzi analitiklər hesab edirlər ki, demokratların qələbəsi süni intellekt sektorunda tənzimləmələrin sərtləşdirilməsi ehtimalını artırıb və bu da investorlar arasında narahatlıq yaradıb.