BAKI, 10 avqust. TELEQRAF
Amerikalı pop ulduz Teylor Sviftin bəzi mahnıları ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası və Ağ Evin sosial şəbəkələrdə yayımladığı videolardan silinib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, son bir həftə ərzində Trampın seçki kampaniyasının “TikTok” hesabında Sviftin iki mahnısından istifadə olunub. Lakin sonradan bəzi paylaşımlardan müğənninin musiqiləri çıxarılıb.
Mahnıların hansı səbəbdən silindiyi açıqlanmayıb. Ağ Ev və Teylor Sviftin nümayəndəsi “Reuters”in məsələ ilə bağlı sorğusuna dərhal cavab verməyib.
Tramp administrasiyası və onun seçki kampaniyası son aylarda bir neçə dəfə “Qremmi” mükafatçısının mahnılarından sosial media paylaşımlarında istifadə edib. Apreldə Ağ Evin “Artemis II” heyətinin Trampla görüşündən hazırladığı videoda Sviftin “High Infidelity” mahnısı səsləndirilib. Bundan əvvəl və sonra da müğənninin digər mahnılarından müxtəlif siyasi məzmunlu videolarda istifadə olunub.
Teylor Svift 2024-cü il prezident seçkilərində Trampın demokrat rəqibi, o vaxtkı vitse-prezident Kamala Harrisə dəstəyini açıqlamışdı. Tramp isə bundan sonra müğənnini dəfələrlə açıq şəkildə tənqid edib.
“Reuters” xatırladır ki, Sabrina Karpenter və Ariana Qrande də daxil olmaqla onlarla məşhur sənətçi daha əvvəl Tramp administrasiyasından onların musiqilərindən siyasi məqsədlərlə istifadə etməməyi tələb edib.