BAKI, 9 avqust. TELEQRAF
Serbiya Prezidenti Aleksandr Vuçiç dünyanın böyük müharibənin astanasında olduğunu və dövlətlərin bunun qarşısını almaq üçün lazımi addımlar atmadığını bildirib.
Teleqraf xəbər verir ki, Vuçiç bu barədə "Axel Springer" media konserninin İdarə Heyətinin sədri Matias Döpfnerin podkastında danışıb.
“Mənə elə gəlir ki, biz böyük müharibənin astanasındayıq. Məhz buna görə ümid edirdim ki, kimsə bunun qarşısını almaq üçün artıq addımlar atacaq. Lakin bu baş vermədi və yaxın zamanda da baş verməyəcək. Bu isə o deməkdir ki, biz daha ciddi bir hadisənin astanasındayıq”, – Serbiya lideri deyib.
Vuçiçin sözlərinə görə, qarşıdakı beş ildə aparıcı dövlətlər daha müstəqil olmağa və xarici asılılığı azaltmağa çalışacaqlar.
O bildirib ki, dünyada iki əsas güc mərkəzi ABŞ və Çin qalacaq. Onun fikrincə, üçüncü güc mərkəzi Avropa İttifaqı olmalıdır, lakin Vuçiç Avropanın bu rolu möhkəmləndirə biləcəyinə əmin olmadığını qeyd edib.
Serbiya prezidentinin proqnozuna görə, dördüncü əsas güc sütununu Rusiya, Hindistan və digər iri regional dövlətlər təşkil edəcək. Bundan başqa, onun sözlərinə görə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yeni ittifaqın konturları da artıq görünür.
Vuçiç qeyd edib ki, bu proses dünyada qüvvələr nisbətini və ümumi atmosferi əhəmiyyətli dərəcədə dəyişəcək. Onun fikrincə, beş ildən sonra yeni dünya nizamının formalaşması prosesi davam edəcək, lakin bu proses indiki dövrlə müqayisədə daha dağıdıcı vasitələrlə həyata keçirilə bilər.
Serbiya lideri həmçinin Avropanın Rusiya ilə artıq “hibrid müharibə” vəziyyətində olduğunu iddia edib. O, Ukraynaya silah və maliyyə yardımı göstərilməsini, eləcə də Rusiyaya qarşı sanksiyaların tətbiqini bu yanaşmasının əsaslandırılması kimi təqdim edib.