BAKI, 10 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp əvvəllər məhkəmələrdə onun maraqlarını müdafiə edən hüquqşünas Uill Şarfı Prezidentin köməkçisi və Ağ Evin hüquq müşaviri təyin edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında məlumat verib.
“Uill Şarf sentyabrın 1-dən Prezidentin köməkçisi və Ağ Evin hüquq müşaviri vəzifəsində çalışacaq”, - Tramp bildirib.
Şarf bu vəzifədə Devid Uorrinqtonu əvəz edəcək. ABŞ Prezidentinin sözlərinə görə, Uorrinqton özəl sektorda fəaliyyətini davam etdirəcək.
Tramp Şarfı yaxşı tanıdığını bildirib. Hazırda Ağ Ev aparatında məsul vəzifə tutan hüquqşünas daha əvvəl bir sıra məhkəmə işlərində, o cümlədən ABŞ Ali Məhkəməsində Trampın maraqlarını təmsil edib.
Qeyd edək ki, Ağ Evin hüquq müşaviri ABŞ Prezidentinə və onun administrasiyasına qanun layihələrinin imzalanması, əfv qərarları, mümkün maraqlar toqquşması və digər hüquqi məsələlərlə bağlı məsləhətlər verir.