BAKI, 9 avqust. TELEQRAF

ABŞ-də cinsi cinayətlərdə ittiham olunan mərhum maliyyəçi Ceffri Epşteyn və onun tərəfdaşı Gislayn Maksvell Fransanın Sen-Tropez kurortunda mütəmadi olaraq villalar icarəyə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə "Le Monde" ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə yayımladığı sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Epşteyn və Maksvell 2002-ci ildə Sen-Tropezdəki “Mirage” villasını həftəlik 100 min avroya icarəyə götürüblər. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı arxivlərdə həmin dövrə aid fotoşəkillərin də olduğu bildirilir.

Sen-Tropez Fransada Epşteynin fəaliyyəti ilə bağlı aparılan istintaqda da onun və Avropadakı əsas əlaqələndiricilərindən biri hesab olunan Jan-Lük Brünelin insanları cəlb etdiyi məkanlardan biri kimi göstərilib.

"Le Monde"un yazdığına görə, 2020-ci ildə hazırlanan polis hesabatında Brünelin model agentlikləri vasitəsilə həssas vəziyyətdə olan gənc qızlarla əlaqə yaratdığı və onları Epşteynə yönləndirdiyi qeyd olunub. Brünelə 11 qadın tərəfindən cinsi zorakılıq ittihamı irəli sürülüb. O, 2022-ci ildə Parisdə həbsdə olarkən həyatına son qoyub.

Epşteynin Parisdəki keçmiş xidmətçisi Valdson Viyeyra Kotrinin 2019-cu ildə verdiyi ifadədə 2002-ci ilin yayında Sen-Tropezdəki villada çox sayda gənc qadının olduğunu və onların bir neçə gündən bir dəyişdiyini bildirdiyi qeyd edilir.

"Le Monde"a danışan fransız qadın isə Maksvellin onun etimadını qazandığını, daha sonra onu Epşteynlə tanış etdiyini iddia edib.

Nəşrin məlumatına görə, Epşteyn Fransanın cənubunda daşınmaz əmlak almaq imkanlarını da araşdırıb. O, Sen-Jan-Kap-Ferra və Sen-Tropezdə 50 milyon avroyadək dəyəri olan villalar və layihələrlə maraqlanıb.