BAKI, 10 avqust. TELEQRAF

ABŞ qırıcıları Nyu-Cersi ştatının Bedminster şəhərində Prezident Donald Trampa məxsus qolf-klubun üzərində uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarənin qarşısını alıb.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

Bildirilib ki, NORAD-a məxsus F-16 qırıcıları Bedminster üzərində tətbiq olunan müvəqqəti uçuş məhdudiyyətlərini pozan bir neçə ümumi təyinatlı aviasiya təyyarəsini müəyyən edərək müdaxilə edib.

“Bütün hava gəmiləri NORAD təyyarələrinin müşayiəti ilə təhlükəsiz şəkildə məhdudlaşdırılmış zonadan çıxarılıb”, - komandanlığın “X” sosial şəbəkəsindəki açıqlamasında qeyd olunub.

Donald Tramp sözügedən qolf-klubun sahibidir və həftə sonlarını tez-tez burada keçirir. ABŞ Prezidentinin cümə günü Bedminsterə gəldiyi və bazar günü Vaşinqtona qayıdacağı gözlənilir.