BAKI, 9 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nüvə proqramı üzrə razılaşma əldə edilmədən başa çatdırılması variantını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp özəl görüşlərdə İranla nüvə proqramı üzrə saziş imzalanmadan da münaqişənin başa çatdırılmasının mümkünlüyünü müzakirə edib.

Ağ Ev rəsmilərindən biri qəzetə bildirib ki, ABŞ İranla bağlı bütün hərbi məqsədlərinə artıq nail olub. Hazırda Tramp əsas diqqətini enerji daşıyıcılarının Hörmüz boğazından maneəsiz keçidinin təmin edilməsinə yönəldib.

Bununla yanaşı, Vaşinqton İranın gəmilərə hücumlarını davam etdirəcəyi təqdirdə hərbi gücdən istifadə imkanını qorumaq niyyətindədir.

ABŞ rəsmilərinin sözlərinə görə, Tramp 2025-ci ildə ABŞ-nin ranın üç əsas nüvə obyektinə endirdiyi zərbələrdən sonra Tehranın onun prezidentliyi dövründə nüvə fəaliyyətini bərpa etməsini az ehtimal edir.

WSJ yazır ki, Vaşinqton İranın nüvə proqramına nəzarət imkanını əldə edərsə, Tramp atəşkəs rejimini müddətsiz uzatma variantını da nəzərdən keçirə bilər.