BAKI, 9 avqust. TELEQRAF
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsi Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi ilə bağlı yeni qanun layihəsini yekdilliklə qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Parlamentin Milli Təhlükəsizlik Komitəsi “Hörmüz boğazının təhlükəsizliyinin və rifahının təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsini yekdilliklə qəbul edib.
Qanun layihəsinin hazırlanması barədə avqustun 7-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi məlumat vermişdi.
Sənədə əsasən, İran ABŞ, İsrail və digər “düşmən ölkələrə” məxsus gəmilərin Hörmüz boğazından keçidini qadağan etməyi planlaşdırır. İsraillə əlaqəli mülki və hərbi yüklərin daşınmasına da icazə verilməyəcək.
Bundan əlavə, İrana zərər vuran dövlətlər və şəxslər də dəymiş zərəri kompensasiya edənədək boğazdan keçid hüququndan məhrum edilə bilərlər.
Qaydaları pozan şəxslər üçün cərimələr nəzərdə tutulur. Cərimənin məbləği yükün dəyərinin 20 faizinə qədər ola bilər.
Qanun layihəsinə əsasən, Hörmüz boğazında gəmiçilik, gəmilərin keçidinə nəzarət, eləcə də Fars körfəzində təhlükəsizliyin və mühafizənin təmin edilməsi İran hökuməti tərəfindən silahlı qüvvələrlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.