BAKI, 5 avqust. TELEQRAF

ABŞ Braziliyanın Vaşinqtondakı səfiri Mariya Luiza Ribeiro Viottinin vizasını ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, qərar Braziliyanın Prezident Donald Tramp administrasiyasının irəli sürdüyü ABŞ səfiri namizədinə rəsmi aqreman verməməsi və bir neçə amerikalı diplomat üçün viza müraciətlərini rədd etməsi ilə əlaqədardır.

Reuters bildirir ki, ABŞ Dövlət Departamenti Braziliya hökuməti Vaşinqtonun yeni səfir namizədinə aqreman təqdim edəcəyi təqdirdə, Mariya Luiza Ribeiro Viottinin vizasının bərpa olunmasına hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Donald Tramp iyunun 1-də Florida ştatı Nümayəndələr Palatasının sədri Daniel Peresin Braziliyaya ABŞ səfiri vəzifəsinə namizədliyini irəli sürüb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi onun namizədliyini dəstəkləsə də, Braziliya hökumətinin rəsmi razılığı (aqreman) olmadan o, vəzifəsinin icrasına başlaya bilməz.