BAKI, 4 avqust. TELEQRAF
Fransanın cənubunda baş verən meşə yanğınları nəticəsində Jironde departamentinin Le Porge kəndində təxminən 400 ədəd tarixi sursat aşkar edilib.
Teleqraf xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb.
Hakimiyyət orqanları əvvəlcə qaz balonlarının partlaması hesab edilən bəzi partlayışların yüksək temperaturun təsiri altında köhnə mərmilərin atılması nəticəsində baş verdiyini düşünür.
Le Porge meri Martial Zaninettinin sözlərinə görə, yanğının ikinci gecəsində sakinlər 100-dən çox partlayış səsi eşidiblər. O, səsləri hərbi əməliyyatlarla müqayisə edib.
"İcmamızda basdırılmış sursat anbarları var idi, amma biz bundan xəbərsiz idik və onlar partladı", - deyə mer bildirib.
Fransa mediasının məlumatına görə, tapılan sursatlar arasında minaatan və tank əleyhinə mərmilər də daxil olmaqla, Almaniya və Fransa mərmiləri olub.
Mina təmizləmə səylərindən sonra sakinlərin əksəriyyəti evlərinə qayıda bilib, lakin bəzi ərazilər hələ də bağlı qalıb. Xüsusilə okean çıxışı, düşərgə və La Gennie kəndi ətrafında məhdudiyyətlər tətbiq olunur.