BAKI, 4 avqust. TELEQRAF
“Fənərbağça”nın prezidenti Aziz Yıldırımla çox məhsuldar görüş oldu. "Fənərbağça" klubu Azərbaycanda yarış keçirilməsi ilə bağlı bizim dəvətimizi qəbul edib. Yoldaşlıq oyununun harada baş tutacağı barədə yaxın günlərdə qərar veriləcək.
Teleqraf xəbər verir ki, bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərə açıqlamasında deyib.
O, çoxsaylı azarkeş tələbi ilə əlaqədar stadion barədə dəqiqləşmələr aparıldığını söyləyib.
"Bizim stadion çox balacadır. Çoxlu azarkeş tələbləri var. Görüş məkanının Bakıya dəyişdirilməsinin mümkünlüyünü müzakirə etdik. Yaxın günlərdə qərar veriləcək.
Bilirsiniz ki, Azərbaycan klubları arasında Türkiyə təmsilçisi ilə avrokuboklarda ilk dəfə “Turan Tovuz” qarşılaşıb. Klubumuz 1994-cü ildə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində “Fənərbağça” ilə üz-üzə gəlib. Bu mənada "Fənərbağça" ilə yoldaşlıq görüşünün bizim üçün mənəvi dəyəri böyükdür.
Oyun 20 sentyabr-10 oktyabr tarixləri ərəfəsində olacaq. Yoldaşlıq görüşünü Zəfər günü ərəfəsində şəhidlərimizin əziz xatirəsinə həsr etmək istəyirik. Əldə olunan vəsait xeyriyyə fondlarına köçürüləcək".
E.Quliyev yoxlama oyunu ilə kifayətlənməyəcəklərini qeyd edib.
O, "Fənərbağça" ilə oyunçu mübadiləsi barədə də müzakirələr aparıldığını deyib.