BAKI, 5 avqust. TELEQRAF
Türkiyənin "Trabzonspor" klubu misirli hücumçu Məhəmməd Salahın transferi ilə bağlı danışıqlara başladığını rəsmən təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Peşəkar futbolçu Məhəmməd Salahın klubumuza transferi ilə bağlı danışıqlara başlanılıb", - açıqlamada bildirilib.
Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, Salah artıq "Trabzonspor"la iki illik müqavilə imzalayıb. İddiaya əsasən, 34 yaşlı futbolçu mövsümə görə 17 milyon avro əməkhaqqı alacaq.
Məhəmməd Salah 2017-ci ilin yayından İngiltərənin "Liverpul" klubunda çıxış edirdi. O, ötən mövsümün sonunda komandanı tərk edib.
Misirli futbolçu "Liverpul"un heyətində bütün turnirlərdə 442 oyuna çıxaraq 257 qol vurub və 123 məhsuldar ötürmə edib. O, klub tarixinin ən yaxşı bombardirləri siyahısında 257 qolla üçüncü pillədə qərarlaşıb. Bu göstəricidə yalnız İan Raş (339 qol) və Rocer Hantdan (280 qol) geri qalır.
Salah "Liverpul"un heyətində İngiltərə çempionu, UEFA Çempionlar Liqasının qalibi, İngiltərə Kuboku, İngiltərə Superkuboku, UEFA Superkuboku və Klublararası dünya çempionatının qalibi olub, həmçinin iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.