BAKI, 5 avqust. TELEQRAF

ABŞ Konqresinin Senatında Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı fikir ayrılığı yaranıb.

Teleqraf xəbər verir ki, bunu Senatda Respublikaçılar Partiyasının lideri Con Tun jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda senatorlar qanun layihəsinin müzakirə müddətinin məhdudlaşdırılması ilə bağlı razılıq əldə etməyə çalışırlar.

"Düşünürəm ki, hazırda qanun layihəsinə baxılması üçün ayrılan vaxtın məhdudlaşdırılması ilə bağlı razılıq əldə etməyə çalışırıq. Rusiyaya qarşı sanksiyalarla bağlı hazırda nəzərdən keçirdiyimiz bəzi etirazlar var", - o bildirib.

Con Tun qeyd edib ki, etiraz edən senatorlar təklif olunan düzəlişlər səsverməyə çıxarılacağı təqdirdə qanun layihəsinin müzakirəsinin sürətləndirilməsinə razılıq verə bilərlər.