BAKI, 5 avqust. TELEQRAF

Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın administrasiyası ABŞ-nin Vaşinqtondakı Braziliya səfiri Mariya Luiza Ribeiro Viottinin vizasını ləğv etməsini kəskin tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə Braziliya Prezident Administrasiyasının yaydığı bəyanatda bildirilib.

"Builki qərar ABŞ-nin Braziliyaya qarşı növbəti düşmən addımıdır. Bu addım açıq şəkildə ideoloji motivlərlə şərtlənib və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli tərəfdaşlıq prinsipləri ilə uzlaşmır", - bəyanatda qeyd olunub.

Braziliya hakimiyyəti Vaşinqtonun viza qərarı ilə bağlı irəli sürdüyü arqumentləri də əsassız adlandırıb. Rəsmi Braziliya həmçinin Ağ Evi ölkənin daxili siyasi proseslərinə təsir göstərməyə cəhd etməkdə ittiham edib.

"Birləşmiş Ştatların Braziliyada keçiriləcək prezident seçkilərinə müdaxilə etmək niyyəti artıq açıq görünür", - sənəddə vurğulanıb.