BAKI, 5 avqust. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başladığı 28 fevral tarixindən indiyədək 687 amerikalı hərbçinin yaralandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun yaydığı son itki hesabatında bildirilib.

Məlumata görə, fevralın sonunda İrana qarşı başlanılan "Epik Qəzəb" (Epic Rage) əməliyyatı çərçivəsində 417 ABŞ hərbçisi yaralanıb, 14 nəfər isə həlak olub. ABŞ rəsmiləri həmin əməliyyatın mayın 5-də başa çatdığını bəyan etmişdilər.

Bundan əlavə, Pentaqon iyulun 7-dən bu günədək xaricdə həyata keçirilən əməliyyatlar üzrə itkiləri ayrıca hesablayır. Əməliyyatların hansı ölkələrdə aparıldığı açıqlanmasa da, bu dövr ərzində 4 ABŞ hərbçisinin həlak olduğu, 270 nəfərin isə yaralandığı qeyd edilib.

Beləliklə, açıqlanan son rəqəmlərə əsasən, İranla münaqişə başlayandan bəri ABŞ Silahlı Qüvvələrinin ümumi itkiləri 18 ölü və 687 yaralı təşkil edir.