BAKI, 29 iyul. TELEQRAF

ABŞ administrasiyası milli təhlükəsizlik risklərini azaltmaq və ölkənin süni intellekt infrastrukturunu qorumaq məqsədilə Çindən yeni humanoid və dördayaqlı robotların idxalını qadağan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ Federal Rabitə Komissiyasının (FCC) açıqladığı yeni məhdudiyyətlər Çində istehsal olunan yeni humanoid və dördayaqlı robot modelləri ilə yanaşı, bərpaolunan enerji mənbələri və batareyaların elektrik şəbəkələrinə, eləcə də məlumat mərkəzlərinin avadanlıqlarına qoşulmasını təmin edən enerji inverterlərini də əhatə edir.

FCC bildirib ki, bu cihazlar ABŞ-nin iqtisadi və milli təhlükəsizliyinə təsir göstərə biləcək təchizat zənciri zəiflikləri və kritik infrastruktura qarşı kibertəhlükəsizlik riskləri yarada bilər.

Məhdudiyyətlər dərc olunduğu andan qüvvəyə minib və hələ ABŞ bazarına çıxarılmamış yeni robot və inverter modellərinə şamil olunur. Bununla belə, FCC daha əvvəl satışına icazə verilmiş modellərin də təsdiqini ləğv etmək səlahiyyətinə malikdir.

“Reuters”in məlumatına görə, qadağadan ən çox təsirlənə biləcək şirkətlərdən biri humanoid robotlar bazarında dünyanın aparıcı istehsalçılarından olan Çinin “Unitree” şirkətidir. “Counterpoint Research”ün hesablamalarına görə, şirkət qlobal humanoid robot bazarının təxminən beşdəbirinə nəzarət edir.

FCC hesab edir ki, bu tip robotların topladığı məlumatlardan amerikalıların izlənilməsi, xarici kəşfiyyat xidmətlərinin imkanlarının genişləndirilməsi və hətta cihazların uzaqdan idarə olunaraq ələ keçirilməsi üçün istifadə oluna bilər.

Yeni tədbirlər ABŞ-nin süni intellekt və kritik texnologiyalar üzrə təchizat zəncirinin Çindən asılılığını azaltmaq, eyni zamanda istehsalın ölkə daxilinə köçürülməsini təşviq etmək siyasətinin bir hissəsi kimi təqdim olunur.