BAKI, 29 iyul. TELEQRAF
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerinə ballistik raketlərlə hücum etdiyini bildirib.
Teleqraf xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Səri bildirib ki, tanker qruplaşmanın Səudiyyə Ərəbistanına qarşı elan etdiyi dəniz blokadasını pozub və xəbərdarlıqlara məhəl qoymayıb. Onun sözlərinə görə, raket hücumundan sonra gəmi istiqamətini dəyişməyə məcbur olub.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) isə tankerin kapitanının Qırmızı dənizin cənub hissəsindən keçərkən partlayış səsi eşitdiyini bildirdiyini açıqlayıb. Mərkəzin məlumatına görə, gəmi və ekipaj təhlükəsizdir, ətraf mühitə zərər dəyməyib.