BAKI, 24 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun İrana qarşı hərbi əməliyyatları bir neçə həftə ərzində başa çatdıra biləcəyini düşünsə də, proses gözlənildiyindən daha uzun çəkir, hazırda Vaşinqton sonu görünməyən uzanan münaqişə ilə üz-üzə qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp yaranmış vəziyyətdən narazıdır. Prezidentin müşavirləri hesab edirlər ki, İranla müharibə qiymət artımına, Trampın reytinqinin aşağı düşməsinə və 10-dan çox amerikalı hərbçinin həlak olmasına səbəb olmaqla yanaşı, onun prezidentlik dövrünü də kölgə altına alır. Onların fikrincə, bu vəziyyət Respublikaçılar Partiyasının qarşıdan gələn aralıq seçkilərindəki mövqeyinə də mənfi təsir göstərir.
WSJ yazıb ki, Tramp diplomatik həll yoluna getdikcə daha az inanır. Nəşrin həmsöhbətlərindən birinin fikrincə, ABŞ Prezidenti İrana qarşı qisas rejiminə keçib və hesab edir ki, Tehran yalnız hərbi güc dilini anlayır.
ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner isə İranla razılaşmanın hələ də mümkün olduğunu düşünürlər.