BAKI, 29 iyul. TELEQRAF

Oman Hörmüz boğazında gəmiçiliyin idarə olunması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İrana Körfəz ölkələrinin dəstəklədiyi plan təqdim edib. Təklif boğazdan keçən gəmilərin könüllü ödəniş etməsini də nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Körfəzdəki mənbəyə və məsələdən məlumatlı Qərb diplomatına istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Omanın təklifi Hörmüz boğazında ticarət gəmiçiliyinin bərpasına və regiondakı gərginliyin azaldılmasına yönəlib.

Plana əsasən, İran boğazda nəzarəti təkbaşına həyata keçirməyəcək, gəmilərdən alınması nəzərdə tutulan ödənişlər isə məcburi deyil, könüllü olacaq.

Təklif olunan mexanizm Malakka boğazında tətbiq edilən sistemə bənzəyir. İndoneziya, Malayziya və Sinqapur burada naviqasiya, ətraf mühitin mühafizəsi, axtarış-xilasetmə əməliyyatlarının maliyyələşdirilməsi üçün gəmilərdən könüllü ödənişlər etməyi xahiş edir.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə bildirib ki, Tehran Omana boğazın İran tərəfində gəmi hərəkətini özünün, əks istiqamətdə hərəkətin bir hissəsini isə Maskatın idarə etməsini təklif edib.

ABŞ tərəfi isə Hörmüz boğazından keçən gəmilərdən hər hansı rüsum və ya məcburi ödəniş alınmasına qarşı çıxır. Amerikalı rəsmi “Reuters”ə bildirib ki, Hörmüz beynəlxalq su yoludur və hazırda müzakirə edilən mümkün razılaşmada məcburi ödəniş nəzərdə tutulmur.

Məlumata görə, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri də videokonfrans formatında görüşərək boğazda sərbəst və təhlükəsiz gəmiçiliyin təmin edilməsi məsələsini müzakirə ediblər.