BAKI, 25 iyul. TELEQRAF

ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün əlavə maliyyə mənbələri tapmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Vaşinqtonda "müharibənin necə maliyyələşdiriləcəyi" ilə bağlı suallar yaranıb. Bildirilir ki, əlavə maliyyə paketinin təsdiqlənməsi prosesi ABŞ Konqresində faktiki olaraq dalana dirənib.

"Bloomberg" yazır ki, bu vəziyyət administrasiyanı tələb olunan vəsaiti əldə etməyin alternativ yollarını axtarmağa məcbur edir. Agentlik qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp qanunvericiləri maliyyənin ayrılmasına razı salmaq üçün kifayət qədər fəal addımlar atmır.

Daha əvvəl ABŞ müdafiə naziri Pit Heqset Konqres Senatının Maliyyələşdirmə Komitəsində keçirilən dinləmələrdə bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatının xərcləri təxminən 37,5 milyard dollar təşkil edir.