BAKI, 29 iyul. TELEQRAF

FIFA dünya çempionatı və digər turnirlərin kommersiya və təşkilati fəaliyyətini idarə etmək üçün 20 milyard dollar dəyərində yeni törəmə şirkət yaratmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, plana əsasən, “FIFA Forward Enterprise” (FFE) adlandırılacaq şirkətin səhmlərinin 20 faizədək hissəsi xarici investorlara təklif ediləcək. FIFA bununla 4,2 milyard dollaradək vəsait cəlb etməyi nəzərdə tutur. Bununla belə, təşkilat şirkət üzərində nəzarəti özündə saxlayacaq.

FIFA-nın məlumatına görə, investor qrupuna ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerin təsis etdiyi “Thrive Eternal”ın rəhbərlik edəcəyi gözlənilir.

FIFA prezidenti Canni İnfantino bildirib ki, cəlb ediləcək vəsait dünya futbolunun inkişafına yönəldiləcək. Plan çərçivəsində üzv milli assosiasiyalara infrastruktur, məşqçilərin hazırlanması, milli komandalar, yarışlar, kütləvi və qadın futbolunun inkişafı üçün birdəfəlik 20 milyon dollaradək maliyyə əldə etmək imkanı yaradılması nəzərdə tutulur.

UEFA isə FIFA-nın planına sərt etiraz edib.

“Futbolun ruhu və idarəçiliyi alqı-satqı predmeti deyil. Heç birimiz futbolun sahibi deyilik. Futbol FIFA-ya məxsus deyil ki, onu satsın”, - UEFA-nın bəyanatında bildirilib.

FIFA isə vurğulayıb ki, xarici investorlar yalnız FFE-də azlıq payına sahib olacaq və şirkətin əməliyyat fəaliyyətində iştirak etməyəcəklər. Futbolun idarə olunması, yarışların təşkili, təqvim və bütün idman-tənzimləmə qərarları üzərində müstəsna səlahiyyət FIFA-da qalacaq.

Təklif yaxın vaxtlarda FIFA-nın 211 üzv assosiasiyasına və FIFA Şurasına təqdim ediləcək. Yekun qərarı məhz bu qurumlar verəcək.