BAKI, 29 iyul. TELEQRAF
Çili hakimiyyəti hantavirusdan ölüm hallarının artması ilə əlaqədar ölkədə sanitar həyəcan elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Çili Səhiyyə Nazirliyi məlumat yayıb.
“Bu tədbir Atakama bölgəsindən Maqalyanesədək olan əraziləri əhatə edir və 31 iyul 2027-ci ilədək qüvvədə olacaq”, - nazirliyin açıqlamasında bildirilib.
Rəsmi məlumata görə, ilin əvvəlindən ötən həftəyədək Çilidə 46 hantavirusa yoluxma faktı qeydə alınıb. Yoluxanlardan 18-i həyatını itirib.
Mütəxəssislər hantavirusun yayılmasının dövri xarakter daşıdığını və əsasən virusun daşıyıcısı olan vəhşi gəmiricilərin sayından asılı olduğunu bildirirlər. Gəmiricilərin populyasiyasına isə iqlim şəraiti və qida əlçatanlığı təsir göstərir.