BAKI, 24 iyul. TELEQRAF
ABŞ Senatı gələn həftə mərhum senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış Rusiya əleyhinə sanksiyalar paketini səsverməyə çıxara bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, demokratlar respublikaçı həmkarlarına sənədi dəstəkləməyə hazır olduqlarını bildiriblər. Qanun layihəsinə son anda Prezident Donald Trampın tələbi ilə İran da əlavə edilib.
Qanun layihəsinin qəbulu bu il əsasən siyasi qarşıdurmalarla yadda qalan Senatda nadir ikipartiyalı razılaşma nümunəsi ola bilər. Bu, həmçinin çoxluğun lideri Con Tun və azlığın lideri Çak Şumerin seçkilərə bir neçə həftə qalmış ortaq mövqeyə gələ bildiyini göstərəcək.
Kapitolidə senator Lindsi Qremin xatirəsinə keçiriləcək anım mərasimi onun həyatının son günlərində qəbul etdirilməsinə çalışdığı qanun layihəsi üzrə səsvermə üçün emosional fon yaradacaq.
“Gələcəyə nikbin baxıram. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələni irəli aparmaq mümkün olacaq. Ukrayna döyüş meydanında təşəbbüsü ələ alıb, Kremlin mövqeyi isə getdikcə zəifləyir. Bizim mümkün qədər tez hərəkət etməyimiz son dərəcə vacibdir”, - Senatın Xarici Əlaqələr Komitəsinin demokrat üzvü Cin Şahin bildirib.
60-dan çox senatorun dəstəklədiyi qanun layihəsi Lindsi Qremin iyulun 11-də vəfat etməsindən sonra iki dəfə yenidən işlənib. Əvvəlcə ikinci dərəcəli tariflərin həcmi 500 faizdən 100 faizə endirilib və sənədin tətbiq dairəsi məhdudlaşdırılıb. Yeni redaksiyaya əsasən, Prezident Tramp tarifləri maksimum beş ölkəyə qarşı tətbiq edə biləcək.
Daha sonra, iyulun 19-da Donald Tramp qanun layihəsinin genişləndirilməsini və İrana qarşı sanksiyaların da sənədə daxil edilməsini istəyib. Məlumata görə, senatorlar bu tələbi nəzərə alaraq qanun layihəsinə müvafiq dəyişiklik ediblər.
Lindsi Qrem qanun layihəsini “Rusiyaya qarşı cəhənnəm sanksiyaları” adlandırmışdı.