BAKI, 11 iyul. TELEQRAF
Kanada ilə ABŞ-ni birləşdirən yeni beynəlxalq körpü iyulun 27-də nəqliyyatın istifadəsinə veriləcək.
Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Söhbət Kanadanın Ontario əyalətinin Vindzor şəhəri ilə ABŞ-nin Detroyt şəhərini birləşdirən Qordi Hou körpüsündən gedir.
Kanadanın İnfrastruktur Nazirliyi bildirib ki, körpünün açılması ilə bağlı qərar Miçiqan ştatının hakimiyyəti və ABŞ hökumətinin dəstəyi ilə razılaşdırılıb.
Nazirliyin məlumatına görə, körpü iki ölkə arasında mühüm nəqliyyat və iqtisadi əlaqə rolunu oynayacaq, həmçinin ticarətin inkişafına töhfə verəcək.
Dəyəri 6,4 milyard Kanada dolları (təxminən 4,5 milyard ABŞ dolları) olan körpünün tikintisinə 2018-ci ildə başlanılıb. Layihənin istifadəyə verilməsi ABŞ tərəfinin müraciəti əsasında texniki məsələlərə görə daha əvvəl təxirə salınmışdı.
ABŞ Prezidenti Donald Tramp fevralda körpünün açılışını əngəlləyə biləcəyi ilə hədələmiş, ABŞ-nin layihənin həyata keçirilməsi zamanı ədalətsiz şərtlərlə üzləşdiyini iddia etmişdi. O, körpünün ən azı 50%-nin ABŞ-yə məxsus olmalı olduğunu bildirmişdi.
Daha sonra Tramp ABŞ üçün daha yaxşı razılaşma əldə etdiyini bəyan edərək, körpünün açılışını alqışlayıb.