BAKI, 27 avqust. TELEQRAF
Bosniya müharibəsində on minlərlə müsəlmana qarşı törədilmiş soyqırımına rəhbərlik etmiş “Bosniya qəssabı” ləqəbli general Ratko Mladiç 84 yaşında Haaqa həbsxanasında ölüb.
Teleqraf xəbər verir ki, bu barədə “Informer” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, Mladiç son vaxtlar ağır xəstə idi.
Ratko Mladiç Bosniya müharibəsi (1992-1995) zamanı serb ordusunun - VRS-in Baş Qərargah rəisi və əsas hərbi komandanı olub. O, bu vəzifədə 1992-ci ildən 1996-cı ilə qədər fəaliyyət göstərib. Süsusilə Srebrenitsa soyqırımı, Sarayevonun uzunmüddətli mühasirəsi və Bosniya müharibəsi zamanı serb qüvvələrinin həyata keçirdiyi digər ağır cinayətlərin iştirakçısı olub.
1995-ci ilin iyulunda separatçı serb qüvvələri Srebrenitsanı ələ keçirdikdən sonra minlərlə bosniyalı müsəlman öldürülüb, çoxlu sayda insan köçə məcbur edilib. Beynəlxalq Cinayətlər Məhkəməso Mladiçi bu hadisələrdəki məsuliyyətinə görə soyqırımında təqsirli bilib.
Mladiç uzun illər gizlənsə də, 2011-ci ildə Serbiyada həbs olunub və Beynəlxalq Cinayətlər Tribunalına təhvil verilib.
2017-ci ildə Haaqa Tribunalı onu soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, müharibə qanunlarının və adətlərinin pozulmasında təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.