BAKI, 27 avqust. TELEQRAF
Gürcüstan baş nazirin müavini və hakim “Gürcü Arzusu” Partiyasının nüfuzlu fiqurlarından Mamuka Mdinaradze siyasətdən getdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə bildirib.
48 yaşlı siyasətçinin sözlərinə görə, qərarı özü verib və bu qərar son həftələrdə formalaşıb. Dünən o, Baş nazir İrakli Kobaxidze ilə uzun söhbət edib, bu gün isə “Gürcü Arzusu”nun təsisçisi və fəxri lideri Bidzina İvanişvili ilə görüşüb.
“Mən vəzifəmi, ümumiyyətlə siyasəti tərk etmək qərarına gəlmişəm”, - Mdinaradze deyib.
O, istefasını on il siyasətdə işlədikdən sonra yığılan yorğunluq və yüksək məsuliyyətlə izah edib. Baş nazirin müavini vurğulayıb ki, o, sonda Kobaxidze və İvanişvilini qərarı ilə razılaşmağa inandıra bilib.
“İstirahətə ehtiyacım var”, - Mdinaradze əlavə edib.