BAKI, 11 iyul. TELEQRAF
ABŞ administrasiyasının silah tədarükü sahəsində uzunmüddətli sifariş sisteminə keçməsi ölkənin hərbi-sənaye kompleksinə 68 milyard dollar həcmində özəl investisiyanın cəlb olunmasına imkan verib.
Teleqraf xəbər verir ki, bunu Pentaqonun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.
Onun sözlərinə görə, yanvar ayında Patriot hava hücumundan müdafiə sistemi üçün "PAC-3" raketləri, fevral ayında isə ABŞ-nin iri müdafiə şirkətlərindən biri olan RTX ilə bağlı qəbul edilən qərarlar nəticəsində 360-dan çox şirkət yeni istehsal müəssisələrinə öz vəsaitləri hesabına 68 milyard dollar sərmayə yatırıb.
Parnell qeyd edib ki, bu yanaşma silah istehsalının genişləndirilməsi üçün vergiödəyicilərinin vəsaitlərinə düşən yükün azalmasına şərait yaradır.
Pentaqon rəsmisi eyni zamanda ABŞ Konqresini müdafiə ehtiyacları üçün təxminən 350 milyard dollar vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməyə çağırıb. O bildirib ki, bu addım özəl şirkətlərin uzunmüddətli dövlət sifarişlərinə inamını artıracaq və onları müdafiə sənayesinə əlavə investisiyalar yatırmağa həvəsləndirəcək.
Qeyd edək ki, yanvar ayında Pentaqon və Lockheed Martin arasında imzalanan sazişə əsasən, PAC-3 MSE zenit raketlərinin illik istehsal həcmi yeddi il ərzində 600-dən 2 minə çatdırılacaq.
Fevral ayında isə Pentaqon ilə RTX arasında müxtəlif raket növlərinin istehsal gücünün artırılmasını nəzərdə tutan bir neçə razılaşma əldə olunub.