BAKI, 24 iyun. TELEQRAF
ABŞ Ordusu yaxın 4–6 həftə ərzində ölkə ərazisində Ukraynadakı münaqişənin döyüş şəraitini imitasiya edəcək ən azı iki təlim poliqonu yaratmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
ABŞ Ordusunun naziri Daniel Driskoll bildirib ki, yeni poliqonlarda radioelektron mübarizə şəraiti tam şəkildə simulyasiya ediləcək. Onun sözlərinə görə, bu, pilotsuz uçuş aparatlarının istehsalçıları ilə onlara qarşı mübarizə vasitələrini hazırlayan şirkətlərin birgə sınaqlar keçirməsinə imkan verəcək.
Driskoll qeyd edib ki, ABŞ hüdudlarından kənarda daha aqressiv sınaqlar, o cümlədən hipersəs silahlarının testləri üçün ayrıca poliqonun yaradılması da planlaşdırılır.
Məlumata görə, yeni təlim meydançaları pilotsuz uçuş aparatlarının istehsalçıları ilə antidron sistemlərini hazırlayan şirkətlər arasında əməkdaşlığı genişləndirməyə xidmət edəcək.
Qeyd edək ki, daha əvvəl Pentaqonun baş müfəttişinin ABŞ Konqresi üçün hazırladığı hesabatda Ukraynanın çağırışçı sayının azalması, hərbçilərin hazırlığında çətinliklər və Qərbin dəstəyindən kritik asılılığın davam etdiyi bildirilmişdi.