BAKI, 9 sentyabr. TELEQRAF

İsrail Baş naziri Binyamin Netanyahu Suriyanın Qolan təpələrindəki Hermon dağına qalxaraq İranı məğlub edəcəklərini bəyan edib.

Teleqraf xəbər verir ki, baş nazirin ofisinin məlumatına görə, səfər zamanı Netanyahunu İsrail hərbçiləri və müdafiə naziri İsrael Katz müşayiət edib.

"Roş Haşana (12-13 sentyabrda qeyd olunan yəhudi Yeni ili – red) ərəfəsində biz Hermon dağının zirvəsindəyik. Dəməşq buradadır, Livan buradadır, Suriyanın Qolan təpələri buradadır və biz Hermon dağının zirvəsindən Yərmuk çayına və oradan Aralıq dənizinə qədər bütün əraziyə nəzarət edirik. Mütləq nəzarət, əvvəllər heç vaxt görünməmişdi. Biz heç bir terrorçu ordusunun sərhədimizdə möhkəmlənməsinə imkan verməyəcəyik", - baş nazir bəyan edib.

Onun sözlərinə görə, İsrailin regionda hərbi və siyasi sahələrdə "hələ görüləsi çox işi var" və o, Tehranda hakimiyyət dəyişikliyini prioritet adlandırıb: "Əsas vəzifə İrandakı terrorçu rejimi məğlub etməkdir. Biz buna çox yaxınıq. Bilirik ki, nəticədə bütün ox (Tehran və müttəfiqləri - red) çökəcək. Biz buna nail olmaq əzmindəyik və nail olacağıq".

Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2814 metr yüksəklikdə yerləşən Hermon dağı Livanın dağ silsiləsinin ən yüksək zirvəsidir. Livan və Suriya sərhədində yerləşən bu dağın bir hissəsi 1967-ci ildən bəri Qolan təpələrini işğal edən İsrail tərəfindən idarə olunur. Hermon dağının zirvəsi Suriya xəritəsindəki ən yüksək nöqtədir. Cənub yamaclarını özünün suveren ərazisi hesab edən İsrail üçün bura strateji əhəmiyyət daşıyır. İsrailin yeganə xizək kurortu burada fəaliyyət göstərir.

İsrail ordusu 2024-cü ilin sonlarında Hermon dağını ələ keçirərək Dəməşqdə hakimiyyət dəyişikliyindən dərhal sonra Qolan təpələrinin bufer zonasını genişləndirib. Netanyahu dəfələrlə Suriyadakı qeyri-sabitlik fonunda bu hərəkətlərin müdafiə xarakterli olduğunu iddia edib. O bildirib ki, İsrail qoşunları bu sərhəddə təhlükəsizlik zəmanəti alana qədər orada qalacaq.