BAKI, 9 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqə 31 avqust – 8 sentyabr 2026-cı il tarixlərində Bakı qarnizonuna məxsus yanğından mühafizə hissələrinin (RYMH) yanğınsöndürmə növbələri arasında keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşlarının hakimlik etdiyi və gərgin mübarizə şəraitində keçən final müsabiqəsinin nəticələrinə əsasən, Binəqədi RYMH-nin II yanğınsöndürmə növbəsi 1-ci yeri, Səbail RYMH-nin II yanğınsöndürmə növbəsi 2-ci yeri tutub, Qaradağ RYMH-nin III yanğınsöndürmə və Abşeron RYMH-nin II yanğınsöndürmə növbələri isə 3-cü yeri bölüşüb.

Sonda qaliblərə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Mircavad Seyidov və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom və kubok təqdim edilib.