BAKI, 5 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Ev administrasiyasını tənqid edən milyarder İlon Maskdan məyus olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp biznesmen üçün çox şey etdiyini qeyd edib.
Almaniya kansleri Fridrix Merzlə görüşdə Tramp "İlondan çox məyus oldum, ona çox kömək etdim" deyə bildirib.
O, əvvəllər Maskla yaxşı münasibətdə olduğunu, lakin indi bu barədə konkret söz deyə bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, İlon Mask "X" sosial şəbəkəsində Trampın federal xərcləri azaltmağa yönəlmiş qanun layihəsini kəskin tənqid edərək, onu “iyrənclik” adlandırıb və ona səs verən Konqres üzvlərini pisləyib.