BAKI, 11 sentyabr. TELEQRAF
Özbəkistan Ermənistana Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat dəhlizinin inkişaf etdirilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.
Özbəkistan liderinin mətbuat xidmətinin məlumatında bildirilib ki, Ş.Mirziyoyev Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını birləşdirən logistika və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yolu ilə qarşılıqlı əlaqəliliyin gücləndirilməsinin tərəfdarı olduğunu deyib.
Tərəflər Özbəkistan-Ermənistan münasibətlərinin, ilk növbədə, ticari-iqtisadi və investisiya sahələrində daha da inkişaf etdirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər. Bu kontekstdə yeni birgə layihələrin işlənib hazırlanmasının vacibliyi xüsusi qeyd olunub.
Mətbuat xidmətinin məlumatına görə, Özbəkistan Prezidenti regional sabitliyin və dayanıqlı inkişafın möhkəm təməli olacaq Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirib.
BMT və MDB çərçivəsində keçiriləcək tədbirlər də daxil olmaqla, ikitərəfli və çoxtərəfli tədbirlərin qrafiki də nəzərdən keçirilib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında Ermənistan və Qazaxıstan arasında İran ərazisindən keçən, Türkmənistan və Özbəkistanın da qoşulduğu marşrut istifadəyə verilib. Bu istiqamət Çindən Ermənistana yükdaşımaları üçün yeni marşrut rolunu oynayır. Marşrut iki fəaliyyət göstərən qoldan ibarətdir:
Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Ermənistan;
Çin-Qazaxıstan-Türkmənistan-İran-Ermənistan.
Hazırda İrandakı vəziyyət fonunda bu istiqamət tam gücü ilə fəaliyyət göstərmir.