BAKI, 30 may. TELEQRAF
ABŞ Şimali Atlantika Alyansının (NATO) Rusiya sərhədlərinə qədər genişlənməsini dayandırmağa hazırdır. Vaşinqton Moskvanın bu məsələ ilə bağlı narahatlığını əsaslı hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə Amerika prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq "ABC News" telekanalına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, ABŞ rəhbərliyi Rusiya ilə NATO arasında mövcud gərginliyin azaldılması üçün qarşılıqlı anlaşmaya gəlməyə maraqlıdır.
"Biz Rusiya tərəfinin təhlükəsizliklə bağlı narahatlıqlarını anlayırıq və NATO-nun şərqə doğru genişlənməsi məsələsinə daha ehtiyatla yanaşmağın vaxtıdır", - deyə Kelloq bildirib.
O qeyd edib ki, bu məsələ ətrafında diplomatik dialoqun davam etdirilməsi vacibdir və ABŞ bu istiqamətdə real addımlar atmağa hazırdır.
Qeyd edək ki, Rusiya uzun illərdir NATO-nun onun sərhədlərinə doğru irəliləməsindən narahatlığını ifadə edir və bu prosesi öz milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.