BAKI, 29 may, TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq məqsədi daşıyan danışıqlar strategiyası uğursuzluğa düçar olub.

Teleqraf xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru Con Mearsheimer "Glenn Diesen" adlı yutub kanalında çıxışı zamanı bildirib.

Mearsheimerə görə, Rusiya tərəfi nə Trampa, nə də ABŞ nümayəndələrinə güvənir:

"Ruslar amerikalılara və Tramp administrasiyasına güvənmirlər. Tramp indiyədək münaqişənin diplomatik yolla həllində zəif fəaliyyət göstərib. Onun bu sahədə uğur qazanacağına inanmaq üçün heç bir əsas yoxdur. Ukraynada ilişib qalmışıq".

Professor hesab edir ki, ABŞ-nin Ukraynada uzunmüddətli uğur qazanması real deyil, çünki Rusiya artıq Çin kimi etibarlı strateji tərəfdaşa malikdir.

O həmçinin vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin 1990-cı illərdə itirdiyi böyük güc statusunu bərpa edib.

Onun sözlərinə görə, Ukraynada davam edən münaqişə bu statusun bərpasını sübut edən əsas göstəricilərdən biridir:

"Moskva yenidən öz milli maraqlarını müdafiə etməyə başlayıb".