BAKI, 26 mart. TELEQRAF

Amerikanın insan haqları təşkilatı "American Oversight" Yəmən Husilərinə qarşı hərbi əməliyyatları "Signal" messencerində müzakirə etdiklərinə görə bir neçə ABŞ hökumət rəsmilərini məhkəməyə verib.

Teleqraf xəbər verir ki, təşkilatın iddiası Kolumbiya dairəsinin federal məhkəməsinə təqdim edilib və onun mətni təşkilatın rəsmi saytında yerləşdirilib.

Məhkəməyə verilən şəxslər arasında ABŞ-nin müdafiə naziri Pit Hegseth, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard, CIA direktoru Con Ratcliffe, ABŞ-ın Maliyyə Naziri Scott Bessent, Dövlət katibi Marko Rubio və Milli Arxivlər və Qeydlər Administrasiyasının (NARA) nümayəndələri yer alır.

"American Oversight"ın icraçı direktoru Chioma Chukwu məsələ ilə bağlı bildirib ki, həssas hərbi məlumatların silinə bilən qrup çatlarında müzakirə edilməsi hökumət üçün ciddi xəbərdarlıq olmalıdır və bu, potensial olaraq cinayət məsuliyyəti yaradır.

Məhkəmə sənədlərində vurğulanır ki, rəsmi şəxslər dövlət informasiya sistemindən kənarda müzakirələr apardıqları üçün ABŞ qanunlarını pozublar. Xüsusilə, "Signal" tətbiqindəki mesajların avtomatik silinməsi funksiyasından istifadə edilməsi hökumət məlumatlarının saxlanması və mühafizəsi qaydalarına zidd hesab olunur.

İddiaçılar, bu mesajların bərpa edilməsini və gələcəkdə rəsmi qeydlərin qorunmasını təmin etməyi hədəfləyirlər. Hadisə ABŞ hökumətinin informasiya təhlükəsizliyi qaydaları və şəffaflıq prinsiplərinə riayət edib-etmədiyi ilə bağlı geniş müzakirələrə səbəb olub.