BAKI, 2 mart. TELEQRAF

Montevideoda Uruqvayın yeni seçilən prezidenti Yamandu Orsinin andiçmə mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, Uruqvay tarixində üçüncü solçu lider olan Yamandu Orsi 2030-cu ilə qədər ölkəyə rəhbərlik edəcək.

Mərasimdə çıxış edən Orsi bildirib ki, Uruqvay siyasi partiyaların, hakimiyyət dəyişikliklərinin ölkəsidir:

"Etimad demokratiyanın əsas sütunlarından biridir və biz bu prinsipi qoruyacağıq. Uruqvay yorulmadan işləməyə davam edəcək", - o qeyd edib.

Qeyd edək ki, andiçmə mərasimində İspaniya kralı VI Filip, Çili prezidenti Qabriel Borik, Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Boliviya prezidenti Luis Arse, Kolumbiya prezidenti Qustavo Petro, Qvatemala prezidenti Bernardo Arevalo, Honduras prezidenti Xiomara Kastro, Panama prezidenti Xose Raul Mulino, Paraqvay prezidenti Santyaqo Pena, Dominikan Respublikasının prezidenti Luis Abinader və bir çox ölkənin rəsmi nümayəndələri iştirak edib.