BAKI, 15 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın gömrük tarifləri və digər iqtisadi addımlarına cavab verəcəyik.

Teleqraf xəbər verir ki, bunu Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.

Silva əlavə gömrük rüsumlarının heç kimə fayda verməyəcəyini bildirib:

“Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət verməklə, ya da ABŞ-dən idxala vergi qoymaqla ticari baxımından cavab verəcəyik. Biz müharibə yox, sülh istəyirik. ABŞ-ni son dərəcə vacib ölkə kimi görürük. Ümid edirəm ki, ABŞ də bizim haqqımızda eyni fikirdədir”.

Braziliya lideri ABŞ-nin İkinci Dünya Müharibəsindən bəri oynadığı “dünya demokratiyasını qoruyan güc” və “qlobal nizamın jandarmı” roluna zidd siyasətlər yürütməyə başladığını söyləyib:

“Amerikalılar üçün indi yalnız Amerika var. Onlar üçün hər şey bunlardan ibarətdir: “Hər məhsula vergi qoyacağam, Qrenlandiyanı götürəcəyəm, Kanadanı ilhaq edəcəyəm, Panama kanalını ələ keçirəcəyəm, milyonlarla insanı deportasiya edəcəyəm”.

Bunlar məni narahat edir. Çünki indi dünyada risk altında olan demokratiya ən yaxşı idarəetmə sistemidir. Amma Tramp istədiyini edə bilməz. Əgər başqa ölkələrə təsir edəcək addımlar atsa, mütləq reaksiya alacaq”.