BAKI, 7 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) sanksiya tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi məlumat verib.
ABŞ administrasiyası BCM-ni Vaşinqtona və onun İsrail kimi müttəfiqlərinə qarşı qanunsuzluqda ittiham edib.
Ağ Evin mətbuat xidmətinin yayımladığı Prezident sərəncamında deyilir: “Mən, ABŞ Prezidenti Donald Tramp hesab edirəm ki, Beynəlxalq Cinayət Məhkəməsi Amerikaya və yaxın müttəfiqimiz İsrailə qarşı qeyri-qanuni və əsassız addımlar atır”.
Sənəddə iddia edilir ki, BCM Amerika vətəndaşlarına və ABŞ-nin bəzi müttəfiqlərinə, o cümlədən İsrailə qarşı “hüquqi əsas olmadan ilkin araşdırmalara başlayıb”. Qurum eyni zamanda “İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın əsassız həbsi üçün order verməklə səlahiyyətlərindən sui-istifadə edib”.
ABŞ mediasının daha əvvəl xəbər verdiyi kimi, fərman Amerika vətəndaşlarına və ya onların müttəfiqlərinə, habelə onların ailə üzvlərinə qarşı araşdırmalarda iştirak edən BCM əməkdaşlarına qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqinə icazə verir. "Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən törədilən pozuntulara görə məsuliyyət daşıyan şəxslərin maddi və əhəmiyyətli nəticələrlə üzləşməsini təmin edəcək. Bu nəticələrdən bəziləri əmlak və aktivlərinin bloklanması, BCM rəsmilərinin, əməkdaşlarının və agentlərinin, habelə onların yaxın ailə üzvlərinin ABŞ-yə girişinin dayandırılması ola bilər.