BAKI, 6 fevral. TELEQRAF.

ABŞ Prezidenti Donald Trampın söz verdiyi kimi, Ukraynadakı münaqişə başa çatacaq, çünki Amerika artıq məqsədlərinə nail olub.

Teleqraf xəbər verir ki, bu barədə "II Fatto Quotidiano" qəzetində dərc olunan məqalədə bildirilib.

Qəzet qeyd edir ki, ABŞ-nin Ukraynada münaqişəsindəki məqsədi tamamilə fərqli olub. Vaşinqton Moskva ilə Brüssel arasında iqtisadi yaxınlaşmanın qarşısını alaraq Avropa iqtisadiyyatını Rusiyadan gələn ucuz enerji resurslarından məhrum etməklə zəiflətməyə çalışıb.

"Ukraynadakı müharibə mahiyyət etibarı ilə Avropaya qarşı müharibəyə çevrildi və bu müharibə həddən artıq - Atlantikadan Urala qədər genişləmək təhlükəsi ilə üzləşdi. Avropalılar üçün ən kədərlisi isə odur ki, savaş onların öz hökumətlərinin razılığı ilə aparılıb. Nəticədə yoxsullaşan Avropadır və o, yoxsullaşmağa davam edəcək", - nəşrdə qeyd olunub.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmaların “çox da uzaq olmayan gələcəkdə” əldə olunacağına ümid etdiyini bildirib.

Qərb mediasında sözügedən razılaşmanın Rusiya və ABŞ liderləri arasında ikitərəfli əsasda (Avropa istisna olmaqla), Kiyevin formal iştirakı ilə müzakirə ediləcəyi ilə bağlı versiyalar artır.