Aparıcı Mətanət insanlar arasında çox məşhurdur. Hamı yaxşı bilir ki, onun aparıcılıq etdiyi veriliş şou xarakterlidir. Verilişdə müxtəlif azadlıqlar var. Kütlənin zövqü səviyyəsində bir proqram nə qədər uğurlu ola bilərsə, Mətanət xanımın verilişi də o qədər baxımlıdır. Təəssüf ki, bunu etiraf etmək lazımdır.

Məsələn, bizim rayonda, kənddə insanların doxsan faizi nə Mirzə Cəlil tanıyır, nə Sabir tanıyır, nə Cəlil Cavanşir tanıyır, nə Şərif Ağayar tanıyır, nə Qan Tural tanıyır, nə Axundov tanıyır, hamı bir Allahı tanıyır, bir də Mətanətin adını eşidən kimi sevinirlər ki, veriliş başladı. Çünki bir aydan bir, iki aydan bir hay-küy qoparmağı yaxşı bacaran tanınmış aparıcı Azərbaycan xalqının yaddaşında özünə yer eləməyi bacarıb. Elə mənim anam hər gün onun verilişinə baxır. Mətanəti yaddaşlardan silmək mümkün deyil. Bu, öz yerində.

Mənə təsir edən odur ki, bizdə aydın siması olan, yəni kütlə ilə işləməyin mahiyyətini başa düşən ziyalılar niyə qeyri-ciddi şeylərə reaksiya verməklə özlərini gözdən salırlar? Niyə cəmiyyətdə işıq kimi baxdığımız adamlar İlhamə Quliyevaya əsəbiləşir, Mətanətə hirslənir və daha nələrə reaksiya verir? Nədənsə, haqlı olsalar da, ciddi adamların yüngül şeylərə etirazı çox gülməli çıxır.

Məsələn, Qulu Məhərrəmli kimi peşəkar bir ekspert, ziyalı mətbuatda Mətanətin efirdəki davranışlarına sərt reaksiya verəndə istər-istəməz təəssüf hissi keçirirəm. Axı ola bilməz ki, Qulu müəllim məsələnin əsl mahiyyətindən xəbərdar olmasın. O, bilmir ki, Mətanətləri tənqidin heç bir əhəmiyyəti və mənası yoxdur?

Yenə eyni məsələ bu gün gündəmdədir. Binəqədi rayonunda baş vermiş yanğında faciəli şəkildə həyatını itirən insanlar haqqında aparıcı Mətanət efirdə münasibət bildirib. O videoya mən də baxdım. Kişinin qızı doğrudan da, yaxşı söz demək istəyirdi, niyyəti pis deyildi, sadəcə, savadsız olduğu üçün fikrini doğru-dürüst ifadə eləməyi bacarmadı. Bizim insanlar da, həssas olduqları üçün məsələyə ciddi reaksiya verdilər.

Bina da yaddan çıxdı, ölən də yaddan çıxdı, qalan da yaddan çıxdı, amma insanlar yaddaşında özünə yurd-yuva salan Mətanət yaddan çıxmadı ki, çıxmadı. Təsəvvür edin, ölkənin ən ciddi adamları sosial şəbəkələrdə Mətanətə etiraz edirlər. Deyirlər, o, niyə dünyasını dəyişən insanlar barədə belə deyib? Mən bu insanlarda gördüyümü görmüşəm, vallah, bir də görəcəksiniz ki, Xalq yazıçısı Anar müəllim də məsələ ilə bağlı tanınmış aparıcıya reaksiya verdi.

Aydındır, baş verən hadisənin ağırlığının insanlarda yaratdığı qəzəb hissi istər-istəməz günahkar axtarışındadır. Həssas bir məqamdır. Hirs, hikkə kiminsə üstünə yön almalıdır. Ona görə bəzi adamlar üçün günahkar Mətanətdir. Düşünürlər ki, Mətanət həbs olunmalıdır. Ağzının danışığını bilməyən, dediyi sözün dalını-qabağını ölçüb-biçməyən, yerli-yersiz hərəkətlər eləyən, bir sözlə, bütün mahiyyəti reytinqə hesablanmış bir veriliş necə günahkar ola bilər, bilmirəm.