XOCAVƏND, 20 sentyabr. TELEQRAF
"Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında da qrafikə uyğun həyata keçirilir.
Bu sözləri Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Ağdam rayonundakı bərpa-quruculuq işlərinə toxunan xüsusi nümayəndə qeyd edib:
"Hazırda Ağdam şəhəri ilə yanaşı, Eyvazxanbəyli və Başqərvənd kəndlərində də işlər davam etdirilir. Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərinin, eləcə də Eyvazxanbəyli və Başqərvənd kəndlərinin bu ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur. Bu layihələrin yekunlaşması Ağdam şəhərinə təxminən 8 min nəfərin köçürülməsinə imkan verəcək. İlk mərhələdə Eyvazxanbəyli kəndinə 427, Başqərvənd kəndinə isə 851 ailə köçürüləcək".
Füzuli rayonunda görülən işləri diqqətə çatdıran Emin Hüseynov əlavə edib:
"Füzulidə iki kəndin bərpası davam etdirilir. "Ağıllı kənd" konsepsiyası ilə yenidən qurulan Dövlətyarlıda 450, Pirəhmədli kəndində isə ilk mərhələdə 146 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Məqsəd bu ilin sonunadək hər iki kənddə işləri yekunlaşdırmaq və sakinlərin köçünə başlamaqdır".
Eyni zamanda, "Böyük Qayıdış"ın II Dövlət Proqramının hazırlanması istiqamətində işlərin davam etdirildiyini bildirən xüsusi nümayəndə vurğulayıb ki, sənədin bu ilin qalan hissəsində müzakirə olunaraq yekunlaşdırılması və növbəti mərhələdə bərpa-quruculuq işlərinin bu proqram çərçivəsində aparılması planlaşdırılır.