BAKI, 4 iyun. TELEQRAF

Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib.

XİN-dən Teleqraf-a bildirilib ki, görüş zamanı səfir Bernard Klinql etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycan ilə Braziliya arasında mövcud dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə ticarət, investisiya, enerji, kənd təsərrüfatı, turizm, aviasiya, təhsil, mədəniyyət, idman, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycan və Braziliya arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun fəaliyyəti, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında qanunvericilik bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərini, çoxtərəfli diplomatiya sahəsində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Bu çərçivədə, iqlim gündəliyi və COP prosesləri üzrə nümunəvi əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.