ŞUŞA, 4 iyun. TELEQRAF
Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin sədri Müşfiq Adıgözəlov işğaldan azad olunmuş ərazilərdə içməli su, suvarma və kanalizasiya sistemlərinin yenidən qurulması, yeni mənbələrin yaradılması və mövcud şəbəkələrin bərpası istiqamətində görülən işlər barədə Teleqraf-ın suallarını cavablandırıb.
– Qarabağın cənub rayonlarında su təchizatı və suvarma imkanları hazırda hansı vəziyyətdədir?
– Laçında yerləşən “Zabuxçay” su anbarının potensialı bizə imkan verir ki, Qubadlı, Zəngilan və qismən Cəbrayılda kənd təsərrüfatı sahələrini suvarma suyu ilə təmin edək. Suvarma mövsümündə həmin ərazilər fasiləsiz su ilə təmin olunur. Eyni zamanda, Cəbrayıl şəhərində hazırda 690 abonentə xidmət göstərilir. Zəngilan şəhərinin su təchizatı isə Çeşməgözü bulağı və Oxçuçay üzərində yerləşən drenaj qurğusu vasitəsilə təmin edilir. Şəhərdə 27 istehlakçıya xidmət göstərilir.
– Qarabağda su təchizatı infrastrukturunun inkişafı ilə bağlı gələcək planlar nədən ibarətdir?
– Qarabağın bütün şəhərlərində magistral su kəmərlərinin və paylayıcı su şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur. Bir sıra rayonlarda bu işlər artıq icra olunur, digərlərində isə layihələndirmə mərhələsindədir.
Hazırda Xankəndidə layihələndirmə işləri aparılır, Ağdam və Zəngilan şəhərlərində tikinti-quraşdırma işləri davam etdirilir. Cəbrayıl şəhərinin su təchizatı sistemi də yenidən qurulur. Layihələrin yekun müddətini dəqiq söyləmək çətindir, çünki proses yaşayış məntəqələrinin mərhələli şəkildə salınmasına uyğun həyata keçirilir.
– Regionda minalar səbəbindən su təsərrüfatı layihələrinin icrası gecikən ərazilər varmı?
– Hazırda işlərin gecikdiyi heç bir sahə yoxdur.
– Qarabağda su itkilərinin səviyyəsi necədir və əhali hansı rejimdə su ilə təmin olunur?
– Yenidən qurulan rayonlarda su itkiləri normativ göstəricilər çərçivəsindədir. Bəzi ərazilərdə, xüsusilə Xankəndidə hələ tam məskunlaşma başa çatmadığı üçün istifadə olunmayan şəbəkələr mövcuddur. Lakin bu, su itkisi demək deyil.
Ümumilikdə demək olar ki, Qarabağda ciddi su itkisi yoxdur. Köçün həyata keçirildiyi bütün şəhər və kəndlər, o cümlədən Xankəndi 24 saat fasiləsiz içməli su ilə təmin edilir. Hazırda Xankəndi şəhərində 3500-ə yaxın abonentə xidmət göstərilir.
– Xocalı və Xocavənd rayonlarında su təchizatı sistemlərinin bərpası istiqamətində hansı işlər görülüb?
– İşğaldan azad edildikdən sonra Xocalı şəhərində su və kanalizasiya şəbəkələri yenidən qurulub, alternativ su mənbəyi kimi yeni subartezian quyusu qazılıb və magistral su kəməri inşa edilib.
Bundan əlavə, Xocalı rayonunun Ballıca, Təzəbinə, Badara, Xanyurdu və Şuşakənd kəndlərində mövcud su təchizatı sistemləri bərpa olunaraq istismara verilib. Hazırda Xocalı şəhərində 364 istehlakçıya xidmət göstərilir.
Xocavənd rayonunun kəndlərində isə su təchizatı sistemləri yenidən qurulur və mövcud infrastruktur bərpa edilir. Hadrut qəsəbəsinin su təminatı qəsəbə yaxınlığında yerləşən suqəbuledici qurğu və iki subartezian quyusu vasitəsilə həyata keçirilir.
– Şuşada çirkab suların təmizlənməsi və təkrar istifadəsi ilə bağlı hansı layihələr həyata keçirilir?
– Şuşa şəhərinin perspektiv inkişaf planına uyğun olaraq çirkab su təmizləyici qurğular kompleksinin tikintisi aparılır. Təmizlənmiş sular sonradan Qarqarçaya axıdılacaq.
Təmizləmə prosesi nəticəsində su bütün texniki göstəricilər üzrə suvarma məqsədlərinə uyğun vəziyyətə gətiriləcək və texniki su kimi istifadə edilə biləcək.
– Şuşada su təchizatının bərpası necə həyata keçirilib?
– Şuşa şəhəri işğaldan azad olunduqdan dərhal sonra su təchizatının bərpası istiqamətində işlərə başlanılıb. İlk olaraq 2020-ci il noyabrın 12-də şəhərin su təminatının bərpası məqsədilə əraziyə ezam olunmuşuq.
İşğal dövründə Şuşaya gələn magistral su xətti tamamilə dağıdılmışdı. Təxminən 25 nöqtədə zədələnmiş magistral xətt bərpa edildi. Sonrakı mərhələdə şəhərdə yerləşən 1 nömrəli su təmizləyici qurğular kompleksi və su anbarı da yenidən istifadəyə hazır vəziyyətə gətirildi.
Görülən işlər nəticəsində 2020-ci il noyabrın 19-20-də Şuşa şəhərinə yenidən su verildi. Daha sonra yeni su təmizləyici qurğular kompleksi inşa olundu və 2024-cü il iyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi.
Hazırda Şuşa şəhəri 24 saat fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunur.
– İşğal dövründə su təsərrüfatı infrastrukturlarının vəziyyəti necə idi?
– İnfrastrukturun əhəmiyyətli hissəsi sovet dövründən qalmış köhnə sistemlərdən ibarət idi və onların böyük hissəsi yararsız vəziyyətdə idi. Hazırda həmin sistemlər ya tamamilə yenidən qurulur, ya da əsaslı təmir-bərpa olunur.