BAKI, 4 iyun. TELEQRAF

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bir daha təsdiqləyir.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2026) çıxışı zamanı bəyan edib.

Diplomat Moskvanın regional Ermənistan-Azərbaycan prosesindəki vasitəçilik rolunu xatırladaraq bildirib: "Sülh müqaviləsinin imzalanması məqsədilə Rusiya platformasını hazırlayıb tərəflərin ixtiyarına verməyə hazırıq".

M. Qaluzin regionun gələcək inkişafında çoxtərəfli formatların əhəmiyyətini də qeyd edib:

"Rusiya, İran və Türkiyə ilə yanaşı, Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstanı onların tarixi qonşuları ilə birləşdirən 3+3 regional əməkdaşlıq platformasının ciddi potensiala malik olduğunu görürük. Bu mexanizm kənar qüvvələrin dağıdıcı müdaxiləsi olmadan, regionun problemlərinin məhz bu coğrafiyada yerləşən ölkələrin və onların birbaşa qonşularının öz qüvvələri ilə həll edilməsinə xidmət etmək məqsədi daşıyır".